Salam, hörmətli RootLab.az oxucuları!
Heç modeminizin və ya routerinizin üzərindəki USB portuna diqqət etmisiniz? Yəqin ki, çoxunuz düşünmüsünüz ki, bu port sadəcə görünüş xatirinə əlavə edilib və ya yalnız servis işləri üçündür. Əslində isə vəziyyət tam fərqlidir.
Evdə bir hdd disk var, elə deyilmi? Üstündə nələr yoxdur ailə şəkilləri, uşaqlıq videoları, filmlər, iş faylları, bəlkə də universitet vaxtından qalan layihələr. İndiyə qədər nə edirdin bu disklə? Düşün, bir dəfə kompüterə taxırsan, bir şey edirsən, sonra yadına düşür ki, “ay, bu faylı telefona da köçürməliyəm”. Diski çıxart, telefonuna tax, köçür. Sonra deyirsən “yox, bunu noutbuka da atım”. Yenə çıxart, noutbuka tax. Gecə yarısı yadına düşür ki, “televizorda film izləmək istəyirəm”. Yenə diski çıxart, televizora tax. Bu nə əziyyətdir, düz deyirəm? Elə bil disklə sənin aranda bir oyun başlayır — götür-taxıl, çıxart-taxıl. Və ən pisi odur ki, bəzən diski harda qoyduğunu da unudursan. “Hə, bu gün mən diski noutbuka taxmışdım, yoxsa kompüterdə qaldı?” — bu sözlər tanış gəlir, elə deyil? İndi sənə deyirəm ki, bunun bir daha başına gəlməyəcək. O modem və routerin arxasında nə var, bilirsən? O balaca USB port. Ona heç fikir vermisən? İnsanların çoxu deyir “ay, o port şarj etmək üçündü”, ya da “modemə yeniləmə yükləmək üçün”. Sən də elə bilirdin, elə deyil? Yox, qardaş, o port sənin o disk əziyyətini birdəfəlik qurtarmaq üçündür. Və ən gözəl tərəfi odur ki, bunu etmək üçün nə texniki mütəxəssis olmaq lazımdır, nə də əlavə pul xərcləmək. Sadəcə bir az maraq, 10–15 dəqiqə vaxt, və o disk. Hamısı budur.
İndi fikirləş, nə olur o portu işə salanda. Sən diski USB-yə taxırsan. O anda modem dəyişir, elə bil içinə bir super güc girir. Modem o diski götürür, və onu bütün ev şəbəkəsinin ortaq yaddaşına çevirir. Nə deməkdir bu? Yəni bundan sonra evdəki hər bir kompüter, noutbuk, telefon, planşet, hətta smart televizorun — hamısı Wi-Fi vasitəsilə o diskə birbaşa girə bilir. Heç bir kabel yox, heç bir “götür tax” əməliyyatı yox. Sən sadəcə oturduğun yerdən faylları açırsan. Düşün ki, sən mətbəxdə çay içirsən, uşaqlar qonaq otağında televizordan cizgi filminə baxır, sənin arvadın isə yataq otağında laptopdan ailə şəkillərinə baxır — hamısı eyni anda, eyni diskdən, bir-birinə mane olmadan. Bir nəfər film izləyir, o biri musiqi dinləyir, üçüncüsü sənədləri redaktə edir. Və heç kim diskə əlini vurmur. Diski bir dəfə taxırsan, sonra unudursan. O, orada qalır, öz işini görür. Sənə nə qalır? Rahatlıq. Düşün, bir də “ay, bu faylı harda qoymuşdum?” deməyəcəksən. Çünki hər şey bir mərkəzdə, sənin üçün əlçatandır.
İndi texniki dildə buna nə deyirlər, deyim. NAS deyirlər — Network Attached Storage, yəni “şəbəkəyə bağlı yaddaş”. Çox gözəl söz. Normalda bu iş üçün ayrıca bir cihaz alınır. Synology deyilən bir marka var, QNAP deyilən, bunların xüsusi qutuları olur, içinə sərt disk qoyursan, 300–500–1000 dollar xərcləyirsən, bir də üstəlik onu qurmağı öyrənirsən. Amma sənə deyirəm: əgər modeminin arxasında USB port varsa, sən artıq o pulları xərcləmədən də eyni işi görə bilərsən. Tam olaraq eyni deyil, təbii ki. Professional NAS-lar daha sürətlidir, daha çox funksiyası var, bir neçə disk qoşmaq olur. Amma ev istifadəçisi üçün, sənin kimi adam üçün — film izlə, musiqi dinlə, sənəd paylaş, ehtiyat nüsxə saxla — bunların hamısını o balaca port rahatlıqla edir. Pul da xərcləmirsən. Və bir də üstəlik, bu işi öyrənmək sənə gələcəkdə böyük bir NAS almaq istəsən, çox kömək edəcək. Çünki məntiq eynidir: bir disk var, şəbəkəyə açılıb, sən ona qoşulursan. Sadəcə burada cihaz modemin özüdür, başqa bir qutu deyil.
Bəs bu iş necə işləyir, deyəcəksən. Çox sadədir, qorxma, mürəkkəb heç nə yoxdur. Diski USB-yə qoşanda, modemin öz əməliyyat sistemi — bəli, modemin də öz əməliyyat sistemi var, sadəcə sən görmürsən — o diski tanıyır, onun fayl sistemini oxuyur, və istifadəyə hazır vəziyyətə gətirir. Texniki dildə buna “mount etmək” deyirlər, yəni diski sistemə bağlamaq. Sonra modem həmin diski götürür və SMB deyilən bir protokol vasitəsilə bütün şəbəkəyə yayır. SMB — Server Message Block. Maraqlı addır. Windows bu protokolu öz doğma dili kimi başa düşür. Yəni sən Windows-da “Şəbəkə” bölməsinə girəndə, modemi və ona bağlı diski görürsən. Heç bir əlavə proqram qurmağa ehtiyac yox. Sadəcə açırsan və istifadə edirsən — sanki öz kompüterindəki bir qovluq kimi. MacOS-da da eyni şey, sadəcə orada “Finder” də “Go” menyusundan “Connect to Server” seçib smb:// ünvanı yazmaq lazımdır. Linux-da da işləyir, o da SMB-ni tanıyır. Bəzi modemlərdə həmçinin FTP protokolu da var — bu da bir üsuldur, amma SMB daha rahatdır. Və DLNA deyilən bir şey də var — bu xüsusilə televizorlar üçündür. DLNA-nı aktiv etsən, televizorun özü heç bir qurğu olmadan diski tapır və film, şəkil, musiqi göstərə bilir. Yəni televizorunun pultunu götürüb birbaşa diskdəki fayllara baxa bilərsən. Heç bir kabel, heç bir proqram. Çox rahatdır.
İndi gəl ən vacib məsələlərdən birinə keçək: fayl sistemi. Bilirsən, disklərin öz daxili təşkili olur. FAT32 var, NTFS var, exFAT var, daha başqaları da var. Modemin bunlardan hansını başa düşdüyü çox önəmlidir. Əksər müasir modemlər FAT32 və NTFS dəstəkləyir. Amma köhnə modellər yalnız FAT32 ilə işləyir. FAT32-nin bir dərdi var: tək bir fayl 4 giqabaytdan böyük ola bilməz. Yəni sən yüksək keyfiyyətli bir filmi — məsələn 4K çəkilişi olan bir filmi — FAT32 diskə qoya bilməzsən. Çünki o film 4 giqabaytdan böyükdür. Kompüter “fayl çox böyükdür” deyib xəta verəcək. NTFS bu problemi həll edir, çünki NTFS-də bu məhdudiyyət yoxdur. İstədiyin qədər böyük fayl qoya bilərsən. Amma bəzi modem istehsalçıları NTFS dəstəyini tam vermir. Məsələn, diskdən faylları oxumaq olar, amma diskə yazmaq olmaz. Və ya yazmaq olar, amma bəzi qovluqlarda problem olur. Ona görə ən yaxşısı odur ki, bir dəqiqə vaxt ayırıb modeminin kitabçasını açasan, ya da İnternetdə “modeminin adı + USB fayl sistemi” deyə axtarasan. Əgər NTFS dəstəkləyirsə, diski NTFS-də formatla və rahat ol. Dəstəkləmirsə, FAT32 istifadə et, sadəcə 4 giqabaytdan böyük fayllarla işləməyəcəyini bil. Bəzi adamlar diski iki bölməyə bölür — bir bölmə FAT32, o biri NTFS. Amma bu da hər zaman işləmir, çünki bəzi modemlər çox bölməli diskləri tanımır. Ən təhlükəsizi: tək bölmə, düzgün format.
Bir də təhlükəsizlik məsələsi var. Sən diski şəbəkəyə açırsansa, evə qonaq gələn adamların sənin şəxsi fayllarına girməsini istəməzsən. Qonşunun uşağı Wi-Fi-ya qoşulub sənin ailə şəkillərinə baxa bilməməlidir. Müasir modemlərdə bunun üçün istifadəçi adı və şifrə qoymaq imkanı var. Yəni sən təyin edirsən ki, diskə kim girə bilər, kim girə bilməz. Məsələn, sən öz kompüterindən girə bilərsən, şifrəni bilən girə bilər, başqaları girə bilməz. Bəzi modemlərdə “qonaq şəbəkəsi” funksiyası var — bu çox yaxşı bir şeydir. Evə qonaq gələndə onlar üçün ayrıca bir Wi-Fi yaradırsan. O Wi-Fi yalnız İnternetə çıxır, sənin diskinə girişi yoxdur. Əla deyil? Həm qonaqlar İnternet istifadə edir, həm də sənin faylların təhlükəsiz qalır. Bəzi modemlər həmçinin diski İnternet üzərindən də açmağa imkan verir — yəni sən işdəsən, evdəki diskə girib fayl götürə bilərsən. Bu çox rahatdır, amma ehtiyatlı olmaq lazımdır. Diski İnternetə açmaq o deməkdir ki, dünyanın hər yerindən kimsə sənin diskinə girməyə cəhd edə bilər. Güclü bir şifrə qoymaq şərtdir. Həmçinin firewall parametrlərini yoxla, lazımsız portları bağla. Mümkünsə VPN istifadə et — VPN sənə ev şəbəkəsinə şifrələnmiş bir tunel vasitəsilə qoşulmağa imkan verir, heç kim sənin məlumatlarını görə bilməz.
Sürət haqqında da səmimi danışaq. Modemin içindəki prosessor güclü deyil. RAM-ı da azdır. Bu o deməkdir ki, sürət gözləntilərini bir az aşağı tutmalısan. USB portu əksər modemlərdə USB 2.0 olur. Nəzəri sürəti saniyədə 480 meqabitdir, amma real həyatda bu 30–40 meqabayt/saniyə arası olur. USB 3.0 olan modemlər də var, onlar 100 meqabayt/saniyəyə qədər çıxa bilər. Amma bu da modemin Ethernet portlarının sürətindən asılıdır. Əgər modemin Ethernet portları 100 meqabit/saniyədirsə, USB 3.0-ın heç bir faydası olmayacaq. Çünki məlumat modemdən kompüterə Ethernet kabeli ilə gedir, o kabel də sürəti məhdudlaşdırır. Elə bil dar bir borudan su keçirirsən — boru nə qədər dardırsa, su o qədər gec keçər. Nəticə: böyük videoları redaktə etmək, 4K materialla işləmək üçün bu üsul ideal deyil. Amma film izləmək, musiqi dinləmək, Word sənədləri ilə işləmək, foto şəkillərə baxmaq üçün tamamilə kifayətdir. Sən axşam yatanda yastığına söykənib film izləyirsən — o sürət sənə bəs edir. Sən işdəki sənədi evdən açıb baxırsan — o sürət sənə bəs edir. Sən uşağın şəkillərini telefonuna köçürürsən — o sürət sənə bəs edir. Yəni gündəlik iş üçün idealdır.
Enerji məsələsi də var. Ayrıca bir NAS server alsan, onu 7/24 işlətməli olacaqsan. O qutu 30–50 vatt enerji çəkir. Modemin isə onsuz da evdə 7/24 işləyir, o da 5–10 vatt çəkir. Yəni sən əlavə bir cihaz işlətmirsən, onsuz da işləyən bir cihazdan istifadə edirsən. Elektrik xərci baxımından çox qənaətlidir. Üstəlik, müasir modemlər ağıllıdır — diskə bir müddət heç kim girməsə, modem diski avtomatik yuxu rejiminə keçirir. Bu xüsusilə xarici sərt disklər üçün yaxşıdır. Çünki fırlanan disklər daim işləyəndə qızır, elektronikası köhnəlir, ömrü qısalır. Elə bil mühərriki dayanmadan işlədirsən — tez sıradan çıxar. SSD disklər bu baxımdan daha yaxşıdır. Onların heç bir hərəkətli hissəsi yoxdur, səssiz işləyir, az enerji çəkir, qızmır. Evdə köhnə bir SSD varsa, onu xarici qutuya qoyub modemə bağlamaq ən ideal həlldir. Həm sürətli, həm etibarlı, həm də səssiz.
Bir məhdudiyyəti də deyim, sonra təəccüblənmə. Əksər modemlər eyni anda yalnız bir USB qurğusu qəbul edir. Yəni sən həm flash yaddaş, həm də xarici sərt disk taxıb ikisini də paylaşa bilməzsən. USB hub istifadə edə bilərsən, amma bu hər zaman işləmir. Bəzi modemlər hub-ı tanımır, bəziləri tanısa da enerji çatışmazlığı olur. Ən yaxşı həll yolu budur: tək bir disk götür, onu bir neçə qovluğa böl. “Filmlər”, “Musiqi”, “Sənədlər”, “Ailə şəkilləri”, “Uşaqlar”, “Ehtiyat nüsxə” — istədiyin kimi qovluqlar aç. Hamısı bir diskdə olsun. Qarışmaz, çünki qovluqlara ayırırsan. Həm də idarə etmək asan olur. Bir disk — hər şey.
İndi gəl keçək ən vacib hissəyə. Yəni əməli hissəyə. Necə edəcəksən bütün bunları? Əvvəlcə modeminin idarəetmə panelinə girməlisən. Brauzerini aç, ünvan sətrinə 192.168.1.1 yaz. İşləmədisə, 192.168.0.1 yaz. Heç biri işləmədisə, Windows-da düymələrə bas Win + R, cmd yaz, açılan qara pəncərədə “ipconfig” yaz. Çıxan siyahıda “Default Gateway” yazısının yanında nə görürsən? O ünvandır. Onu brauzerə yaz. İdarəetmə paneli açılacaq, istifadəçi adı və şifrə istəyəcək. Əgər heç vaxt dəyişməmisənsə, hər ikisi “admin”dir. Bəzi modemlərdə “admin” — “password”, ya da “admin” — “1234”. Əmin deyilsənsə, modemin altına bax, orada stiker olur, üstündə yazılır. İçəri girdin. İndi nə axtarırsan? USB bölməsini. “USB”, “Storage”, “Advanced Settings” — hardasa olacaq. TP-Link modemlərində “USB Settings” deyilir. ASUS-da “USB Application”. Huawei-də “Storage”. Link-də “Network Storage”. Markadan asılıdır, amma taparsan. O bölmənin içində “USB Sharing” və ya “Network Storage” yazısı olacaq. Onu aktiv et. Sonra diskə giriş icazələrini təyin et. İstifadəçi adı və şifrə qoy. Paylaşım adını (share name) istəsən dəyişə bilərsən. Anonim girişi bağla. Bütün dəyişiklikləri yadda saxla. Bəzi modemlər dəyişiklikləri tətbiq etmək üçün bir dəfə yenidən başlamaq (reboot) istəyir. Eləsin. Modem yenidən başlayandan sonra diski fiziki olaraq USB portuna qoş. Bir-iki dəqiqə gözlə ki, modem diski tanısın.
İndi gəl hər bir əməliyyat sistemi üçün ayrı-ayrılıqda danışaq. Çünki Windows, Linux və Mac-də qoşulma üsulları bir az fərqlənir. Sən öz sistemini tap, ona bax.
Windows: Windows-da bu iş ən asandır, çünki SMB protokolu Windows-un doğma dilidir. Üç fərqli üsul var, hansı sənə rahat gəlirsə, onu istifadə et. Birinci üsul — ən sadəsi. “Şəbəkə” bölməsinə gir. Bunu “Kompüterim” və ya “Bu kompüter” pəncərəsində sol tərəfdə “Şəbəkə” yazısına klikləməklə açırsan. Orada bir neçə cihaz görəcəksən. Modeminin adını tap — məsələn “TP-Link”, “Huawei”, “ZTE”, “ASUS” və ya “Linksys” kimi bir şey olacaq. Onun üzərinə iki dəfə kliklə. Əgər şifrə qoymusansa, istifadəçi adı və şifrə istəyəcək. Onları yaz, keç. Və budur — diskin içindəki bütün fayllar qarşında. Elə bilirsən kompüterindəki bir qovluğu açmısan. Faylları aç, kopyala, sil, yeni fayl qoy — hər şeyi edə bilərsən. İkinci üsul — Win + R ilə. Düymələrə bas Win + R, açılan kiçik pəncərəyə \\192.168.1.1 yaz (və ya sənin modem ünvanın nədirsə), Enter bas. Birbaşa diskin içi açılacaq. Bu üsul ən sürətlisidir, heç yerdə axtarmağa ehtiyac yox. Üçüncü üsul — “Map network drive”. Bu üsul diskə sabit bir sürücü hərfi təyin etmək üçündür. Bunu etmək üçün “Şəbəkə” bölməsində boş yerə sağ klik et, “Map network drive” seç. Açılan pəncərədə bir sürücü hərfi seç — məsələn E: və ya F: və ya Z: — fərqi yoxdur, nə istəyirsən. Qovluq yerinə \\192.168.1.1 yaz. Altda “Reconnect at sign-in” işarələ ki, hər dəfə kompüteri açanda avtomatik qoşulsun. Sonra “Finish” bas. Ondan sonra “Bu kompüter” bölməsinə keç, orada yeni bir sürücü görəcəksən — məsələn “F: sürücüsü”. Onun üzərinə iki dəfə kliklə, disk açıldı. Bu üsulun ən böyük üstünlüyü odur ki, sən Word, Excel, Photoshop kimi proqramlarda fayl saxlayarkən birbaşa o sürücünü seçə bilərsən. “F: sürücüsünə yadda saxla” deyirsən, fayl birbaşa modemə qoşulmuş diskə yazılır. Həmçinin, “Map network drive” etdikdən sonra diski heç vaxt “Şəbəkə” bölməsində axtarmaq məcburiyyətində deyilsən. Bir də vacib məqam: Windows 11 və Windows 10-da bəzən “Şəbəkə” bölməsi aktiv olmur. Əgər modemi görmürsənsə, “Control Panel” → “Programs” → “Turn Windows features on or off” yoluna get, orada “SMB 1.0/CIFS File Sharing Support” yazısını tap və işarələ. Bəzi köhnə modemlər SMB 1.0 tələb edir. Yeni Windows versiyalarında bu defolt olaraq bağlı olur, ona görə də modemi görə bilməyə bilərsən. Aktiv etdikdən sonra kompüteri bir dəfə yenidən başlat, hər şey işləyəcək.
Linux: Linux-da da işləyir, sadəcə bir az əl ilə işləmək lazımdır. Linux-un gözəl tərəfi odur ki, istədiyin variantı seçə bilərsən — istər terminal ilə, istərsə də qrafik interfeys ilə. Ən asan üsul — fayl menecerindən istifadə etməkdir. Ubuntu və ya Linux Mint istifadə edirsənsə, fayl menecerini aç (Nautilus, Dolphin və ya Thunar). Sol tərəfdə “Other Locations” və ya “Network” yazısına kliklə. Aşağıda “Connect to Server” yazısı görəcəksən. Ona bas. Açılan yerə smb://192.168.1.1 yaz. Əgər şifrə qoymusansa, istifadəçi adı və şifrəni daxil et. Enter bas, diskin içi açılacaq. Faylları olduğu kimi istifadə edə bilərsən. Terminal ilə işləmək istəyirsənsə, əvvəlcə “cifs-utils” paketini qurmalısan. Bunu etmək üçün terminala yaz: sudo apt install cifs-utils (Ubuntu/Debian üçün) və ya sudo dnf install cifs-utils (Fedora üçün). Qurduqdan sonra bir qovluq yarat — məsələn: sudo mkdir /mnt/modem_disk. Sonra diski bağla: sudo mount -t cifs //192.168.1.1 /mnt/modem_disk -o username=admin,password=şifrə. “username” və “password” yerinə öz məlumatlarını yaz. Bundan sonra /mnt/modem_disk qovluğuna girəndə diskin içindəki faylları görəcəksən. Hər dəfə kompüteri açanda avtomatik qoşulsun istəyirsənsə, /etc/fstab faylına bir sətir əlavə etməlisən. Bunu etmək üçün terminalda yaz: sudo nano /etc/fstab. Faylın sonuna bu sətri əlavə et: //192.168.1.1 /mnt/modem_disk cifs username=admin,password=şifrə,iocharset=utf8,file_mode=0777,dir_mode=0777 0 0. Yadda saxla (Ctrl+X, Y, Enter). İndi hər dəfə kompüteri açanda disk avtomatik olaraq bağlanacaq. Linux-da “gvfs” və “gio” ilə də işləyir — bəzi fayl menecerlərində smb:// ünvanı birbaşa daxil etmək kifayətdir. KDE istifadə edirsənsə, Dolphin fayl menecerində ünvan sətrinə smb://192.168.1.1 yaz və Enter bas. GNOME istifadə edirsənsə, Nautilus-da “Other Locations”a gir, aşağıda “Connect to Server” yazısına bas, smb://192.168.1.1 yaz. Hamısı bu qədər sadədir. Bir də qeyd: bəzi Linux paylamalarında SMB dəstəyi tam qurulu deyil. Əgər yuxarıdakı üsullar işləməzsə, terminalda “smbclient” proqramını sına. Onu qur: sudo apt install smbclient. Sonra yaz: smbclient //192.168.1.1 -U admin. Şifrəni daxil et, və SMB əmr sətri ilə fayllara baxa bilərsən — “ls” yazıb faylları siyahıla, “get fayl_adı” yazıb fayl endir, “put fayl_adı” yazıb fayl yüklə. Amma məncə fayl meneceri ilə işləmək daha asandır.
MacOS: MacOS-da bu iş çox sadədir, çünki Mac SMB-ni doğma dəstəkləyir. Heç bir əlavə proqram qurmağa ehtiyac yoxdur. Finder-i aç. Üstdəki menyuda “Go” yazısına bas, açılan siyahıdan “Connect to Server” seç. Klaviatura qısa yolu da var: Command + K. Açılan pəncərəyə smb://192.168.1.1 yaz. Sağ tərəfdə “+” işarəsi var, onu basarsan bu ünvanı siyahıya əlavə edər — bir daha yazmaq məcburiyyətində qalmazsan. Sonra “Connect” düyməsinə bas. Əgər şifrə qoymusansa, istifadəçi adı və şifrə istəyəcək. “Registered User” seç, məlumatlarını yaz, “Connect” de. Və budur — disk Mac-inizdə bir qovluq kimi açılacaq. Sol tərəfdə Finder siyahısında “Shared” bölməsinin altında modemini görəcəksən. Ondan sonra hər dəfə Finder-i açanda birbaşa ora tıklayıb diskə girə bilərsən. İstəyirsənsə, bu diski “Desktop”a da əlavə edə bilərsən. Bunun üçün Finder-də diskin üzərinə sağ klik et, “Add to Sidebar” seç. Yaxud da, Finder-in “Preferences” bölməsində “Connected servers” işarələ — o zaman hər dəfə qoşulanda disk avtomatik olaraq Desktop-da görünəcək. MacOS-da Time Machine ilə də istifadə etmək olar. Time Machine ehtiyat nüsxə üçün Apple-ın öz proqramıdır. Normalda Time Machine yalnız Apple-ın öz NAS-ları ilə işləyir, amma bəzi modemlər dəstəkləyir. Əgər Time Machine istifadə etmək istəyirsənsə, modemin idarəetmə panelində “Time Machine Support” və ya “AFP” aktiv olmalıdır. Bəzi ASUS və TP-Link modemlərində bu xüsusiyyət var. Aktiv etsən, Mac-da “System Settings” → “General” → “Time Machine” yoluna get, “Add Backup Disk” seç, orada modemin diski görünəcək. Seç və istifadə et. MacOS-un bir gözəl xüsusiyyəti də odur ki, sən həmin diskə qoşulduqdan sonra Spotlight axtarışı da o diskdə işləyir. Yəni sən Command + Space basıb faylın adını yazsan, Mac modemə qoşulmuş diskdə də axtarış aparır və nəticələri göstərir. Çox rahatdır. Bəzi Mac istifadəçiləri üçün qeyd: macOS-un son versiyalarında SMB 1.0 bağlıdır. Əgər köhnə bir modem istifadə edirsənsə və qoşula bilmirsənsə, terminalda “smbutil” ilə yoxlaya bilərsən. Terminalı aç, yaz: smbutil status 192.168.1.1. Əgər “SMB 1.0 disabled” kimi bir xəta görsən, SMB 2.0 və ya 3.0 dəstəkləyən bir modem lazımdır, ya da modemin proqramını yeniləməlisən.
Telefon və planşetlərdən də qoşulmaq olar, onu da deyim. Android üçün Google Play-də “X-plore” proqramı var, çox yaxşıdır. X-plore-u aç, solda “Network” bölməsinə gir, “SMB” seç, “Add” de, ünvanı yaz (192.168.1.1), istifadəçi adı və şifrəni yaz, “Save” et. Ondan sonra birbaşa diskin içindəsən. “VLC” player də var — VLC-ni aç, “Browse” bölməsində “Local Network”ə gir, orada modemi tap. VLC ilə birbaşa diskdən film oynada bilərsən, heç telefonuna yükləməyə ehtiyac yox. iPhone üçün “FileExplorer” proqramı var — App Store-dan yüklə, “SMB” bölməsində “Add Connection” de, ünvanı yaz, qoşul. Və ya “VLC for Mobile” — Android-dəki kimi eyni işləyir. Telefonda film izləyərkən diski yanında daşımaq məcburiyyətində deyilsən. Evdə Wi-Fi-a qoşul, birbaşa diskdən aç, izlə.
Gördün, nə qədər sadədir? O balaca port, sənin illərdir çəkdiyin əziyyəti bir anda yox edir. Diski bir dəfə taxırsan, qurursan, və unudursan. Hər kəs öz cihazından fayllara çatır. Sən də rahatsan, ailən də rahat. Get indi o modemin arxasına bax. O USB portu tap. Bir disk tax. 10–15 dəqiqəyə hər şey hazır olacaq. Və inan, bir dəfə qurandan sonra deyəcəksən: “bunu niyə indiyə qədər etməmişdim?” Əgər hardasa nəsə tıxanarsa, modeminin modelini İnternetdə axtar. YouTube-da videolar var. Addım-addım göstərirlər. Mütləq kiminsə həlli var. Və unutma: texnologiya sənə xidmət etməlidir, sən texnologiyaya yox.



