Salam hörmətli RootLab.AZ oxucuları,
Bu gün sizinlə birlikdə Windows-da səhvən silinmiş faylları tamamilə pulsuz şəkildə necə geri qaytara biləcəyinizi öyrənəcəyik. Əgər USB yaddaşdan, xarici HDD-dən, SSD-dən və ya kompüterinizdəki C və D disklərindən vacib sənədləri, şəkilləri və ya videoları təsadüfən silmisinizsə, narahat olmayın. Bir çox hallarda bu faylları geri qaytarmaq mümkündür.
Təsəvvür elə ki, USB yaddaşından, xarici HDD-dən və ya kompüterindəki D diskindən vacib şəkilləri, Word sənədlərini və ya başqa faylları səhvən silmisən. İlk anda adam panikaya düşür və elə bilir ki, hər şey birdəfəlik itib. Amma tələsmə, əksər hallarda onları geri qaytarmaq mümkündür. Bunun üçün Microsoft-un özünün hazırladığı Windows File Recovery adlı pulsuz proqram var.
Proqramı iki yolla yükləyə bilərsən
- Microsoft Store-a girib Windows File Recovery yaz və yüklə.
- Əgər terminal əvəzinə GUİ ilə işləyən daha rahat bir versiya istəyirsənsə, https://www.winfr.org/ saytından GUI versiyasını yükləyib quraşdıra bilərsən
İndi isə keçək işin maraqlı hissəsinə. Əgər silinmiş fayllar USB yaddaşda, flaşkartda və ya xarici HDD-də idisə, əvvəlcə həmin cihazı kompüterə qoş.
Sonra proqramı aç. Proqram ilk dəfə işə düşəndə səndən soruşacaq ki, bərpa olunan faylları hara yazım? Burada bir vacib qaydanı yadında saxla. Silinmiş faylları heç vaxt yenidən həmin diskə yazma. Məsələn, fayllar USB yaddaşdan silinibsə, onları yenə USB-yə bərpa etmə. Çünki yeni yazılan məlumatlar köhnə silinmiş faylların üzərinə yazıla bilər və onları tamamilə itirə bilərsən. Ən yaxşı variant odur ki, bərpa olunan faylları kompüterində başqa bir diskə, məsələn C: və ya D: diskinə yadda saxlayasan. Sonra proqram diski skan etməyə başlayacaq. Diskin ölçüsündən asılı olaraq bu proses bir neçə dəqiqə və ya bir az daha uzun çəkə bilər. Skan bitəndən sonra proqram tapa bildiyi faylları seçdiyin qovluğa bərpa edəcək. Sonda isə sənə kiçik, amma çox vacib bir məsləhət verim.
Əgər hansısa faylı səhvən silmisənsə, həmin diskdən mümkün qədər istifadə etmə. Ora nə qədər az yeni məlumat yazılsa, silinmiş faylları geri qaytarmaq şansın bir o qədər yüksək olacaq. İnan ki, bu kiçik qaydaya əməl etmək bəzən illərlə topladığın şəkilləri, sənədləri və vacib məlumatları xilas edə bilir.

Əgər sol tərəfdəki Advanced Settings bölməsinə klik etsən, qarşına hədəf fayl növlərini seçə biləcəyin bir pəncərə açılacaq. Buradan hansı növ faylları bərpa etmək istədiyini seçə bilərsən. Mən nümunə üçün masaüstündə testsildiyim.txt adlı bir fayl yaratdım, içinə test sözünü yazdım, sonra isə faylı sildim və zibil qabını tamamilə boşaltdım. Daha sonra WinfrGUI proqramını açıb bərpa prosesinə başladım. Mənbə kimi Documents folderini seçdim. Sonra Advanced Settings bölməsinə keçib Custom Extensions / File Names sahəsinə .txt yazdım. Bununla proqrama dedim ki, yalnız .txt uzantılı faylları axtarıb bərpa etsin. Əgər başqa fayl növünü bərpa etmək istəsən, məsələn .docx, .xlsx, .jpg və ya .pdf, həmin uzantını bu sahəyə yazmağın kifayətdir. Bu üsul həm axtarışı sürətləndirir, həm də lazımsız faylların nəticələrdə görünməsinin qarşısını alır.

Quick Scan Completed ekranı açıldıqdan sonra sağ alt hissədə yerləşən View Recovered Files düyməsinə klik et. Bu düymə bərpa olunan faylların siyahısını açacaq. Buradan faylların uğurla bərpa olunub-olunmadığını yoxlaya bilərsən. Əgər axtardığın faylı görürsənsə, onu seçib aç və faylın zədələnmədiyinə əmin ol. Fayl düzgün açılırsa, deməli bərpa prosesi uğurla başa çatıb. Əgər fayl siyahıda görünmürsə, fərqli Scan Mode seçərək və ya Advanced Settings bölməsində digər seçimlərdən istifadə edərək skanı yenidən başladıb daha yaxşı nəticə əldə etməyə cəhd edə bilərsən.

Windows File Recovery və WinfrGUI silinmiş faylları pulsuz geri qaytarmaq üçün etibarlı həllərdən biridir. İstər USB yaddaşdan, istər xarici HDD-dən, istərsə də kompüterinizin daxili diskindən məlumatlarınızı bərpa etmək istəyin, bu proqramlar əlavə ödəniş etmədən bunu etməyə imkan verir. Ən vacib məqam isə budur faylların silindiyini başa düşən kimi həmin diskdən istifadəni dayandırın. Bu sadə addım məlumatlarınızı uğurla geri qaytarmaq ehtimalını əhəmiyyətli dərəcədə artırır.



